DünyaGündemHaberler

Qüvvət haqdan irəli keçməsin bu dəfə…

Fransa inqilabında Marsel, Osmanlı inqilabında Salonik nə isə İran inqilabında da Təbriz odur.

Azərbaycanın İran məşrutiyyətindəki mövqeyi qəlbin bədəndəki mövqeyi məsabəsindədir. Azərbaycan əhraranə hərəkətin meydanı, Təbriz isə onun qəhrəmanlıqlar göstərən bir mərkəzi olmuşdur. Altı sənədən bəri imtidad edən müharibati-daxiliyyənin fövqəladə sıxıntıları fədakar İran türklərinin duşi-təhəmmül və həmiyyətlərinə yüklənmişdir ki, hala o ağır yükü daşımaqdadırlar. Fransa inqilabında Marsel, Osmanlı inqilabında Salonik nə isə İran inqilabında da Təbriz odur.”

 


M.Ə.RƏSULZADƏ “İRAN TÜRKLƏRİ” MƏQALƏSİNDƏN ALINTI.

Güneydə olanlara səssiz qalmaq nə insafdan, nə də vicdandandır. Politika deyib susan zehniyyət o taydakı fədailərə dar ağacına itən, qurşuna dizən zehniyyətlə həmahəngdir. İstər-istəməz yadıma Culfada 17 yaşımda sərhəd dirəklərini aradan qaldırarq Araz çayı üzərindən haraylaşaraq həmrəyliyimizi nümayiş etdirməyimiz gəldi. O taydakı canı, qanı bir qardaşlarıməz elə ilk şüarlarını Qarabağla bağlı səsləndirmişdilər, hamımız bir nəfər kimi bundan eləsinə həyəcanlammışdıq ki… Culfada mitinqlərin keçirildiyi gur meydan var o vaxt Azadlıq meydanı deyirdik. Əskidən nataraz bir Leninin tincdan düzəldilmiş heykəli var idi. Lenin meydanı adlanırdı Sovetlər dönəmində.1 may,9 Noyabrda parad olardı tribunanın qarşısında. Meydanın yerləşdiyi asfalt yol düz İran Culfasınadək uzanır. Sonradan öyrəndik ki, bəs bu yolla vaxtilə “Hümmət” müsəlman sosial demokrat təşkilatı Səttərxan, Məşrutə inqilabına gizlin olaraq silah-sursat, ərzaq və inqilabi intibahnamələr daşıyırmış. (“Hümmət”in əsasını qoyanlardan biri M.Ə.Rəsulzadə olub-M.İ.) Şəxsən mənim üçün bu fakt olduqca qüurvericiydi. İki doğma qardaşın biri birinə yardım, köməkləşmə,ümidgah yoluymuş bu Culfa yolu.Məşrutə inqilabı dönəmində M.Rəsulzadədən tutmuş bir çox quzeyli məfkurə insanları əlindən gələn və gəlməyəni yapmışlar. Hətta oradakı hərəkatın demokratik, marrifləndirici və mətbuat gücüylə möhkəmləndirilməsində inanılmaz fəaliyyətlərdə bulunublar. “Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuş, “İran-nou” və “İrane Ahat” qəzetlərinin baş redaktoru olmuşdur.Səttarxan və onun fədailəriylə görüşmüş, qəzet üçün ondan müsahibə belə almışdır.Təkcə Sabirin Məşrutə İnqilabıyla bağlı ” Hophoonamə” sində yazdıqları orduların yapamadığını yapmışdır. Həm də o qədər güclü ki Qacarlar İranda ” Hophopnamə” ni yasaq belə etmişlər. Sabirin Səttarxanə şeiri özü özlüyündə hər şeyi ifadə edir zatən:

Ta ki millət məcməin Tehranda viran etdilər,
Türklər Səttar xan ilə əhdü peyman etdilər,
Zülmü istibdadə qarşı nifrət elan etdilər,
Millətə milliyətə can nəqdi-qurban etdilər,
Ayeyi-Zibhi əzim itlaqi ol qurbanədir,
Afərinin himməti-valayi-Səttarxanədir.
Amma eyni zamanda Səttarxanın inqilabdan yoğrulmuş tifağına atəş açan kazakların erməni başçısı Yefrem xana qələmiylə od vuran da elə Sabiriydi:

Bundan əvvəl bu gözəl ölkədə canlar var idi,
Yaxşı-yaxşı qocalar, adlı cəvanlar var idi,
Şahı haq zilli bilən sevgili xanlar var idi,
İndi Yefremlər olub xanları iranlıların,
Dərhəqiqət pis imiş qanları iranlıların!

Bu misralar qəhrəmanına alqış deyib sonrala onu yalnız buraxan və yenə həmin qəhrəman öldüyündə onu tabutunda sevib göz yaşı axıdan zavallı, kütlə zehniyyətinə bir üsyanın ifadəsidir. Səttarxanın acı taleyi bunun ən bariz nümunəsidir kədərli təəsüflərlə…

İran hal hazırda barıt çəlləyinə bənzəyir.Benzin zammı bütün narzalıqları körükləyən bir atəş oldu. Əslində motiv başqadır bu hamımızın əyanındadır. Fars şovinizminin Azərbaycan Türklərinə yüz illərlə yapdığ aşağılıq siyasətə etirazın enerjisidir coşan, daşan. Qorbaçovun perestroykası da eynən belə başlamışdı. “Xalqlar həbsxanası”ının çərçivələri zamanla yerindən oynadı, kilidiylə,qıfılyla tarümar oldu. Fəqət dağılan xarabalıqlar üzərində ondan yaxşısını qurmaq gəlincə bu yapılmadı.Əslində yapılması mümkün idi. Amma firqəbazlıqdan doğan şəxsi intriqalar milli mənfəətlərin üstünə gəlindiyində hər şey bir heç olur, bütün çabalar bihudəyə mal olur. Əgər ki biz Federal Almaniya sayaq quzeydə güclü bir dövlət halına gəlsəydik Güney üçün bu fövqəladə bir qurtuluş olacaqdı. Almanlar, pribaltikalıların güclü dövlətçilik ənələri olub bu üzdən onlar mutlu məsud oldular və ilaxır fikirlər yerində sayan bir ətalətdən başqa bir şey deyildir. Vaxt varıydı bizim toplumda az qala saqqız kimi çeynənirdi bu misal ki bəs Pribaltika 1918-dən 1940 dək müstəqil olub. Olsun bunun cəmi edər 22 il. Fəqət biz də axı 1991-dən 2019-dək müstəqilik axı bu hesabla. Yəni sərasər 28 il. Müstəqil, doğru dürüst politika sərgiləmək üçün yetməzmi yəni bu sürə?! Nədəndir ki Pribaltika 22 illik təcrübəylə Sovetlərdən ən az zərərlə qurtulan bir təcrübəyə sahib oldu, gərəkdir ki biz də 28 illik təcrübəylə indik Azərbaycandan daha gözəlini inşa edərdik. O zaman İranda hər türlü əsarətə məhkum olan soydaşlarımızın da nicatı, qurtuluşları biz olardıq. Bayatı, Araz çayı haqqında qanlı nəğmələr, türkülərlə olmaz bu iş. Zatən ədəbiyyaımız illərlə bunu yapmış. Folklorumuzun belə ən dərin qatlarında o tayla birləşməmizdən daha çox birləşməməyimiz durur. Şeir, bayatı ayrıdır, dürüst, sağlam bir maarifçiliyə söykənən sağduyulu siyasət ayrı. Bunları biri birinə qatasan qarışmaz ki qarışmaz.

Ağ maya düzdə qaldı,
Yükü Təbrizdə qaldı.
Oğlanı dərd apardı,
Dərmanı qızda qaldı.

Bu bayatı az qala yüzillərdir bizi idarə edir şüuraltımızda kök atan ən dərin pessimism qatlarıyla. Qısa bir həlli var məsələnin oğlanım dərdi nəysə, qızda olan dərmanla bərabər buluşdurursan məsələ tamamdır. Hətta vaxtilə sevdiyim bir ifadə varıydı: Təbriz mənim yuxularımın şəhəridir. Yuxuda sevməkdən asan nə var ki, qəti bilirəm indiki qazan kimi qaynayan, darda olan Təbrizin nə mənim nə də ki bizlərin heç bir yuxusuna ehtiyacı yoxdur. Bütün uca idealları gerçəkləşdirməyi tək yolu yuxu kimi xəyallardan ayılmaqdan keçmirmi? Və bunun üçün çaba gərəkir, himmət, qeyrət gərəkir. Bu gün İranda olanlara səssiz qalan ziyalı, İran bizdən küsər, inciyər deyib fırsatçı, kurnaz tülkü siyasilərin tısbağa kimi qınına çəkilməsi İranda irticaya qüvvət verən amillər olacaq. Eynən Pişəvəriyə və onun fədailərinə tutulan divan sayağı. O tayda fars şovinizmi yapdı bu tərədə də bizlər o zamanın təbiriylə Sovetlər.
Barı indi yapmayalım bunu. Azərbaycanın güneyində hər soydaşımızın üzərinə tuşlanan silah elə bizə tuşlanıb, erməniyə qardaş deyib züy tutan molla rejiminə dost deyib susmaq hansı dinə, imana sığar da bu məntiqi anlamaq zordur.Belə məntiq yerin dibinə keçsin!
Əlbəttə hər şey olacağına varacaq. Amma gözəl bir şeylər oluşdurmaqla yapsaq daha yaxşı olmazmı?
Yazının əvvəlində Rəsulzadədən bəhs etmişdim İranda fəaliyyətlərindən dolayı.
Bu gün bəhs etməyə kim var Rəsulzadə qatında,səviyyəsində sualını versəm?!
Cavab çətin ki tapıla…
Məhəmməd İsrafiloğlu.

Daha Fazla Göster

İlgili Makaleler

Bir Cevap Yazın

Başa dön tuşu
Kapalı