DünyaGündemHaberler

Nəğmələrin həsrəti

Qəddar rejimlərin yapdıqları ağlasığmaz edamlara, işkəncələrə gücün çatmayanda nə yazıq ki sənə qalan duyğuların olur. Hələ bir də bu keçmiş olunca əlin çatmır, ünün yetmirsə ağ vərəq, qələm ürək olur!

Universitet illərimdə Puşkinin “ Sibir” şeirini oxumuşdum 1825-ci il dekabristlər üsyanı basdırıldıqdan sonra onların buzlu şaxtalı Sibirə sürgünlərinə, fədakarlıqlarına həsr etdiyi. 1827-ci ildə yazmışdı.Şeirin məni ən həyəcanlandıran misraları elə əvvəliydi:

Во глубине сибирских руд
Храните гордое терпенье,
Не пропадет ваш скорбный труд
И дум высокое стремленье.

Sibirya madenlerinin derinliklerinde
Bekleyin, yitirmeden gururlu sabrınızı.
Boşa gitmeyecek acılı çabanız
Ve düşüncelerinizin yüce amacı.(Tərcümə türkcədir-M.İ.)

Üzeyir Hacıbəylinin “ Koroğlu” operasın içəriyi də eynən “Sibir” şeiriylə həmahəngdir amma musiqi diliylə. Və bu yazıma səbəb olan çox hisslərim var basdıra bilmədiyim. Bəlkə də fazla duyğusal sanacaq oxucu məni. Amma qəddar rejimlərin yapdıqları ağlasığmaz edamlar, işkəncələrə gücün çatmayanda nə yazıq ki sənə qalan duyğuların olur. Hələ bir də bu keçmiş olunca əlin çatmır, ünün yetmirsə ağ vərəq, qələm ürək olur. Mən də ürəyimdən keçənləri yazdım…

ÜZEYİR HACIBƏYLİ VƏ “KOROĞLU” OPERASI.

Keçən sentyabr ayında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum günündə evdə ailəcə onun “ Koroğlu” operasından sevgilisi Nigarın Həsən xanın əsirliyinə dözməyərək həsrətini, hicranını ifadə edən Koroğlunun ariyasını dinləyirdik. Dinləmədən öncə Üzeyir Bəyin Cümhuriyyət dönəmində tutduğu İstiqlaliyyətçi mövqeyi, Sovet dönəmində çəkdiyi çilələrdən, 1825-ci il dekabristlər üsyanı qanla basdırılarkən onların fədakar həyat yoldaşlarından da söhbət etmişdik duyğudolsu.
Koroğlunun ariyasına diqqət kəsildiyimiz anda:
Düşdün yadıma Nigar,
Getdi əldən ixtiyar.
Sən çək orda min cəfa,
Biz görək burda səfa, ah…
Gəl Nigar!… yerində həyat yoldaşım gözləri dolmuş bir vəziyyətdə mənə dedi ki bəs: sanki 37-ci ildə gedər gəlməzə gedənlərin faciəsini anladıb Üzeyir Bəy… Düzü çox təsirlənmişdim, amma operanın 1937 ci ildə səhnəyə qoyulması tarixi yadıma düşdükdə gerçəkdən bunun yüzdə yüz belə olduğu qənaətim kəsinləşdi. Və istər-istəməz Üzeyir Bəyin Cümhuriyyətin rus-bolşevik istilasına etiraz olaraq yazdığı “ Xamma ” məqaləsi düşdü. Üzeyir Bəyin İstiqlaliyyət konusunda cəsarəti, prinsipiallığı ayrıca bir təqdir konusudur. 27 aprel 1920-ci il işğalından iki gün öncə yazdığı “ Xammal” məqaləsi bunun bariz nümunəsidir. Halbuki Cümhuriyyətdə təmsil olunan bir çox ali dərəcə mənsubları bolşevik istilası öncəsi onlarla separatçılıq içindəydilər Məhəmməd Hacınski və digərləri misalında. Fəqət Üzeyir Bəy həyatına olan təhlükələrə rəğmən çox böyük risk alaraq alov püskürürdü.” Xammal”ı oxuduqca bu dərin təfəkkür sahibi,təpədən dırnağa İstiqaliyyətçi olan Üzeyir Bəyin iti zəkasına, uzaqgörənliyinə heyran qalırsan. Siyasətdə xamxəyallığın bütün faciəsi güclü sarkazm və ürək ağrısıyla qələmə tökülüb Üzeyir Bəy tərəfindən.
Onu da bilirdim ki Cümhuriyyətin süqutundan sonra Üzeyir Bəy 1937ci ilədək yəni “ Koroğlu” operasınadək geniş bir yaradıcılıq ruhunu daşımamışdır, daha doğrusu daşıya bilməmişdir. Təpədən dırnağa Cümhuriyyətçi, İstiqlaliyyətçi bir ruha sahib olan Üzeyir Bəy bolşevik-kommunist mühitində adətən boğulurdu. Hətta Fransada yaşayan qardaşı Ceyhun Bəylə məktublaşmalarında Parisə gəlmək istədiyini belə yazmışdır.Çünki Üzeyr Bəy olduqca böyük basqılar altında idi. M.Ə.Rəsulzadənin hələ 1927-ci il 12 yanvar tarixində Üzeyir Bəyin Parisdə yaşayan qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktubda belə bir not var:
“ P.S. Bakı qəzetlərində Üzeyir bəyin musiqi haqqında çox mühüm bir məqaləsini oxudum. Məqalədə “operanı” aşağılayan Nəriman adlı birisinə atılmış daşları gördüm. Bir çoxları bəlkə də bunu anlamamışlar.”
Fəqət Azərbaycanda kommunist rəhbərliyi heç də abtal deyildi və maksimum dərəcədə fövqəladə dahi bir bəstəkarı öz məqsədləri üçün istifadə etməyə çalışırdı. Nifrət etdiyin bir quruluşda yaşamaq bütün mənalarda əzabdır, işkəncədir. Odla su arasında qalmaq kimi də heç qiymətləndirmək olmur Üzeyir Bəyin bu situasiyasını. Çünki su yox idi eləcə odun, alovun içində qalmışdı Üzeyir Bəy… Biz o dönəmlərdə Üzeyir Bəyin ruh halını nə yazıq ki təsvir etməkdə acizik. Çünki “ Desəm öldürərlər, deməsəm ölləm” dilemmasıyla sonadək ömür başa vurmaq Üzeyir Bəyin uca Məfkurəsinə tamamilə yabançı hisslər idi. Bu susqunluğuna dözməyəcəyini özü də bilirdi. Haykırmaq, üsyan etməmək əlində deyildi. Bu mənada musiqi haqsızlığa qarşı etirazı min bir duyğu yükünə çevirib ifadə etməkdə tək çarəydi. 1937-ci il kommunist-bolşevik repressiyası Vətənsevər, elitar ziyalı kəsimi oraq kimi biçib, tökürdü, qan gövdəni götürmüşdü. Əhməd Cavad, Abbas Mirzə Şərifzadə, Hacı Kərim Sanılı, Əhməd Bəy Pepinov daha kimlərin başı bolşevik gilyotinasında ildırım sürətiylə bədənindən ayrılırdı… Sibirin buzlu çöllərinə sürgün edilənlərin ailələrinin çəkdiyi məşəqqətləri qələm anlatmaqda aciz…
Və bütün bu olanla Üzeyir Bəyin gözləri önündə baş verirdi. Dözmək mümkünsüz idi.Hətta Hüseyin Cavid sürgündə olarkən onun oğlu Ərtoğrola bəstəkarlıq istedadına gücü çatdığı qədər ayna tutan, dəstək verəndə məhz Üzeyir Bəy olmuşdu. Məhz bu məqamda o “ Koroğlu” operasını ərsəyə gətirdi. Bu xalq qəhrəmanının seçilməsi ayrı bir sərrast tapıntıdır Üzeyir Bəyin adına. Çünki Koroğlu həmişə xalqın yaddaşında zülmə, haqsızlığa qarşı mübarizənin bir qəhrəmanı olaraq qəbul edilib xalq tərəfindən. Bolşeviklər bu xalq qəhrəmanını xotkar və paşalara qarşı mübarizəsinə sinfi don geydrməyə çalışsalar da Üzeyir Bəyin bu operanı yazmaqda qəsdi əsla bu deyildi. Operanın musiq ruhunda eləsinə hüzn, hicran və eləsinə zülmə qarşı enib-yüksələn dalğalar var ki dərindən dinlədikdə və bu operanın yazanın kimliyinə diqqət kəsildiyində bunu hiss etməmək mümkün deyildir.Operanın librettosunu M.S. Ordubadi yazmışdı. Ordubadi özü də tərəddüdlü bir nəslin nümayəndəsidir. Ermənilərin 1905-ci ildə törətdiyi qətliamları olduqca doğru, dürüst biçimdə qələmə aldığı “ Qanlı sənələr” inə baxanda heç bir bolşevik, kommunist ruhununu zərrəsini belə bulmaq olmur. Ayrıca onun Üzeyir Bəylə şəxsi dostluqlarının da librettonun sözlərindəki “Ezop dili”nə ayrıca bir təsiridir düşüncəsindəyəm. Səhnəyə qoyulan opera inanılmaz bir ilgi, təqdir alqış hədəfinə çevrilmişdi. Bəlkə də Üzeyir Bəy içində yığılıb qalmış yükü, ağır daşı müvəqqəti olsa da beləsinə çıxarmışdı. Əlbəttə dəyişən bir şey yox idi, əksinə gündə NKVD-nin qara əlləri yenə qapılar döyməkdə idi, güləllənmələr, gedər-gəlməz sürgünlər artan silsilədə davam edirdi. Fəqət Üzeyir Bəy “ Koroğlu” operasıyla yenə də Cümhuriyyətçi ruhunu ortaya qoyurdu, vazkeçilməzliyini musiqsiylə bəyan edirdi. Bu belə olmasaydı dahi bəstəkarın ölümünə acı təəsüf və sayqı dolu fikirlərini M.Ə. Rəsulzadə ürək yanğısıyla 1952 ci ildə “ Azərbaycan” jurnalının ikinsci sayında beləsinə dilə gətirməzdi:
“ Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli sonra özü-özünü yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropa mənası ilə nüfuzunu hər kəsə tanıdan bir bəstəkar olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da öz diktatorluğu altına almış və onun bayağı mənfəətləri üçün sümürdükcə sümürmüş və verdiyi bir qisim rəsmi və siyasi vəzifələrlə onu mənimsəmişdir. Fəqət bihudə dəmir pərdənin arxasında özünə süni marşlar yazdırsa da, Moskvada süni diktatorlar tərəfindən oxşadılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgili olmayan komissarlar növbəyə dursa da, Hacıbəyli Üzeyiri Azərbaycanda azəri-türk tarixindən kimsə ayıra bilməz. O, milli Azərbaycan varlığının dayaqları arasında qalacaq ayrılmaz bir dəyərdir”.
37-ci il sürgünlərinin, öz həyat yoldaşlarının həsrətinə, hicranına dözə bilməyib gecənin bir vaxtında mazidəki kövrək xatirələrin işığında balıncı isladan göz yaşlarıdır aşağıdakı misralar bütün musiqi ruhuyla. Hər ağladığında göz yaşlarını körpələrindən gizlədən fədakar qadınlarımızın, Mişkinaz Xanımın, Şükriyyə Xanımın çəkdiyi çilələrdir. Rəsulzadələrdən vur tut on doqquz yaşındaykən güllənən oğlu Rəsul,bu dəhşətə dözməyib “oğlumu nahaq gülllədilər” deyib göz yaşı qurumayan 51 yaşında ürəyi partlayan ana Ümülbanu Xanım, Bakıdan gətirdiyi əncir qurusu qurtardıqdan sonra ümumiyyətlə heç nə yeməyib 1937-ci ildə Qazaxıstan sürgünündə dünyasını dəyişən yaşlı ana Maral xanım, uzaq Qazaxıstan soyuğuna və işgəncəli şəraitə dözə bilməyib 1944-cü ilin soyuq yanvar gecəsində qızı Evşənlə birlikdə həyata göz yuman qızı Lətifənin acılarla dolu dramına üsyandır bu:
Dağılsın, məhv olsun kainat,
Onda nə zövq var, nə həyat.
Bu aləm sevgilər, məhəbbət
Yaratsın, yaratsın, ah…!
Üzeyir Bəyin yorğun ölümün bağçasında can verən Dostlarına, ailələrinə dərindən çəkdiy ahdır bu musiq, opera…

KƏDƏRLİ BİR HAŞİYƏ. Qəribədir istər Azərbaycan Cümhuriyyəti, istərsə də Azərbaycan Sovet Sosialist Respublikasının himnlərinin müəllifi Üzeyir Bəydir. Birincinin sözləri Əhməd Cavadındır, ikincisinin isə az qala bütün Yazıçlar İttifaqı yazıb:Süleyman Rüstəm, Səməd Vurğun və Hüseyn Arif. Azərbaycan SSRİ-nin himnindən parça:

Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərgəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!

Azərbaycan Cümhuriyyətinin himnindən parça:

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!

Bu himn müqayisəsini elə belə yazmadım.Yazıda Üzeyir Bəyin odla su arasındakı dilemmasına toxunmuşdum. Hər iki himni dinləyin və o zaman Üzeyir Bəyin nələr çəkdiyinə şahid olun.

İşə susuz barmaqların kədərini insan bilir.
Nəğmələrin həsrətini bir qırılmış teldən soruş!

Məhəmməd İsrafiloğlu.

Daha Fazla Göster

İlgili Makaleler

Bir Cevap Yazın

Göz Atın

Kapalı
Başa dön tuşu
Kapalı