Ukrayna Savaşı Sayılarla
Ukrayna Savaşı Sayılarla
Ukrayna'daki savaşın birinci yılında Rusya'nın kayıpları.
AzeriMəhəmməd İsrafiloğlu

ALİCƏNABLIĞIN, SƏXAVƏTKARLIĞIN İDEAL NÜMUNƏSİ- HACI ZAYNALABDİN TAĞIYEV

Tağıyevin qaranlıqları yaran İşıqlı əməlləri Onu Fədakarlığın ən uca Zirvəsinə qaldırır.

1 sentyabr 1924-cü il xəmiri hədsiz səxavət,mərhəmət və ədalətdən yoğrulmuş Böyük İnsan,Xeyriyyəçi H.Z.Tağıyevin vəfatı günüdür.Bu ad,soyad xalqın yaddaşında hər zaman alicənablığın, paylaşmağın ideal nümunəsi olaraq qalacaq. Çox təəsüf ki bu günkü komprador, parazit burjuaziya haqqında bunları demək əsla mümkün deyildir. Çox kədərli təəsüflərlə etiraf olunmalıdır ki Oddan nəinki kül, heç zibildə törəməyib bu mənada.

Aşağıda Manaf Süleymanovun “H.Z.Tağıyev” kitabından Milli Burjuaziyamızın Dev Adamının Bakıda Qız məktəbinin açılması uğrunda apardığı mübarizə bəzəksiz-düzəksiz olaraq necə var elə də verilib ustad yazar tərəfindən.Cahilliyin kor etdiyi zehniyyətin at oynatdığı həmin dövr adamın qanını dondurur, H.Z.Tağıyevin qaranlıqları yaran İşıqlı əməlləri Onu Fədakarlığın ən uca Zirvəsinə qaldırır. Nur içində yatsın!

“III Aleksandr sağ olanda Tağıyev ona ərz-hal yazıb, müsəlman qızlarının öz ana dillərində oxumaları üçün Bakıda məktəb açmağa icazə istəyir. III Aleksandr bu xahişi rədd edir. O, öləndən sonra II Nikolay taxta çıxır.Tacgüzarlıq mərasimində Hacı bir senatorun vasitəçiliyi ilə Nikolayın arvadı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə çatdırır və eyni zamanda Bakıda qız məktəbi açmaq barədə təkrar xahişnamə göndərir və rica edir ki, rus-müsəlman qız məktəbinə çariçə Aleksandra Fyodorovnın adı verilsin. Eyni zamanda qız məktəbinin xərcini ödəmək üçün banka 150. 000 manat qoyur, bu da beş faizdən ildə 7500 manat gəlir götürəcəkdi və bununla məktəbin xərc-xəracatı artıqlamasilə ödəniləcəkdi. Qız məktəbinin binası 864 kv sajen yer tutur. Gözəlliyi küçənin və ətrafın memarlığında yeni parlaq və zəngin səhifə açır. Həcminə görə bu bina istənilən vaxt ali məktəb üçün istifadə oluna bilər. Qız məktəbini açmaq üçün Hacı görkəmli din xadimlərini, ruhaniləri, evinə dəvət edib əhvalatı onlara danışır və məsələni mümkün qədər xoşluqla həll etmək istəyir. Çünki o zamanlar bütün əhali onlara inanır və qulaq asırdı; istədikləri vaxt «cihad» elan edə bilərdilər. Ruhanilər qızlara təhsil vermək təklifindən qəzəblənir və camaatı ayağa qaldırır. O günün sabahı təklifi bəyənmiş qazı Mir Məhəmməd Kərimin qapılarına ağ neft töküb evi yandırmaqla təhdid edirlər. Axund Mirzə Əbu Turabın qapılarına nəcis yaxırlar.
Bu vəhşət vaxtı Hacının güclü pul və hədiyyələrlə müqəddəs hesab edilən yerlərə — Məkkəyə, Mədinəyə Kərbəlaya, Xorasana, Qahirəyə, İstanbula, Tehrana və s. yerlərə göndərdiyi Molla Mirzə Məhəmməd oğlu oradakı mötəbər, rəsmi din xadimlərindən, müctəhidlərin hamısından imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər gətirir ki, müsəlman qızları da oğlanlar kimi şəriət məktəblərindən başqa müasir məktəblərdə təhsil ala bilərlər, burada heç bir xilaf şey yoxdur. Müsəlman qızları üçün müasir məktəbin açılacağı xəbəri şəhərə vəlvələ salır, məclislərdə, bazarlarda, dükanlarda, toyda, yasda bu barədə söhbət gedir. Məhəllələrin başçıları, şəhərin ağsaqqalı qara camaatı bərk həyəcana gətirmişdilər. Molla Mirzə çox bacarıqlı adam olduğundan Hacının tapşırığını yerinə yetirib müsəlman aləminin o zaman məşhur olan səkkiz müctəhidindən möhürlü, imzalı sənədlər alıb dala qayıdır. Tağıyev ruhanilərin başçılarını evinə dəvət edir, bir-bir soruşur ki, hansı müctəhidə etiqad edirsən? (O vaxtlar da hərənin etiqad etdiyi müctəhidi vardı, o nə desəydi, sözsüz qanun idi). Hərə öz müctəhidini deyir, Hacı onların imzaladığı möhürlü məktubu göstərir ki, onlar qızların müasir elm oxumalarını şərən təsdiq edirlər. Tağıyev Rusiya imperiyasında millətlərə fərq qoymadan maarif və mədəniyyət, bütün xeyriyyə işlərinə çox dəyərli xidmət göstərib, külli miqdarda pul xərclədiyinə görə imperator ona həqiqi dövlət müşaviri rütbəsi vermişdi. Bu rütbə general, kontradmiral, bir də oberprokuror rütbələrinə bərabər idi. Böyük hüququ vardı. Ruhaniləri və məhəllə başçılarını, sözü keçən nüfuzlu şəxsləri Təzəpir məscidinə yığır və müsəlman qızları üçün müasir məktəb açmaq məsələsini müzakirəyə başlayır. Gah başa salır, gah yalvarır, gah da qorxudurdu. Qaragüruhçu iri əmmaməli, qara əbalı ruhanilər, yekəqarın, enli qurşaq, saqqalı hənalı Hacılar ortaya çıxıb isməti nisvandan danışa-danışa, Qurandan ayələr, peyğəmbər, xəlifə, imamlardan hədislər və sübutlar gətirərək bu işi küfr adlandırırlar, Hacı Zeynalabdin Tağıyevi dindən kənar əməllərdə günahlandırırlar. Tapançalı-xəncərli qoçular isə təhdidə keçirlər. Tağıyev müsəlmanların müqəddəs ziyarətgahlarındakı müctəhid və din xadimlərinin imzaladıqları, möhürlə təsdiq etdikləri sənəd və Ģəhadətnamələri məsciddə də təkrar-təkrar oxutdurub camaata başa salmağa cəhd edirdi ki, qızların elm oxumalarında heç bir xilaf şey yoxdur, əksinə bu çox vacib və lazımlıdır. Məclisdə iştirak edən ən mötəbər iki din xadimi: Bakı quberniya qazisi Mir Məhəmməd Kərim və Axund Mirzə Abuturab Quran ayələrini ərəbcədən dilimizə tərcümə edib, müslüm (müsəlman kişiləri) kimi müslümənin (arvadları) da bütün biliklərə yiyələnməyə ixtiyarları olduğunu bildirirdilər. Zəmanə elmi oxumaqda xilaf şey yoxdur. Yenə etiraz səsləri ucalır. Bu dəfə Hacı Zeynalabdin özü danışmağa başlayır «Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir, gözləri açılar, külfətdə rəftarları xoş olar… İngilistana, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımız, hərəsi oralardan qollarına bir arvad keçirib gətirirlər, çünki qızlarımıznan məcazları tutmur, dolana bilmirlər, əcnəbi arvadlardan doğulan uşaqlar öz-özünə olurlar mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İşlər belə getsə, ata-baba ocaqları qalacaq Quransız, namazsız, şəriətsiz. Təzə məktəbdə qızlara ehkami şəriyyə, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman və rus dilində oxuyub-yazmaq, elmi hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda nə pis şey var?! Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən, qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzüaçıq olmağa çağırmıram. Srağa gecə, iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin qızı yoxladı, dava dərman elədi, qız ölümdən qurtardı. İndi de görüm, lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkim olsaydı, şəriətə hansı daha düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur. O məktəbi mən, bizə padşahlıqda vəhşi deyiləndən sonra qərara gəldim açdırım; ətək dolusu pul töküb bu məqsədlə bina tikdirmişəm. Dərs deyənlər zənən xeylağı olacaq. Kazan şəhərinə adam göndərmişəm ki, müsəlman – tatar arvadlarından dərs deyənlər tapıb gətirsinlər. Xədicə xanım adında bir nəfər tapıblar. Bütün Urusiyyət qəzetlərində elan etdirmişəm ki, dilimizi bilən arvad müəllim axtarıram… İki nəfər arvad müəllimə gəlmək istəyir. Biri Məryəm xanım Sürkeviç—Litva tatarlarındandı, biri də Axalskidən Hənifə xanım». Sabahı gün şəhərdə abır-həya pərdəsi altında qeyli-qal qopdu, qoçular küçələrə tökülüşüb dikdaban ayaqqabı geymiş müsəlman qadın və qızlarının tufli və çəkmələrini çıxardıb, zorla nəleyin geyindirirdilər; azca üzü açıq olanların başlarına iri, qara çadra örtürdülər; mane olmaq istəyənləri, danışanları döyür, ölümlə hədələyirdilər. Qızlarını təzə məktəbə göndərənlərin evlərinə soxulub öldürürdülər; o cümlədən içərişəhərli Axund molla Ruhullanın evinə zorla girib namaz üstündə kişini qətl etmişdilər ki, birdən-birə iki qızını «Şkola» yollayıb. Hökumət məmurları belə biabırçılığa kənardan tamaşa edirdilər və deyirdilər ki, biz din-məzhəb məsələlərinə qarışmırıq. Onlar əslində bu məktəbin açılması əleyhinə idilər. Tağıyev qızlara məsləhət görür ki, çarın arvadı Aleksandra Fyodorovnaya bir teleqram göndərin, minnətdarlığınızı bildirin ki, sizə məktəb açmağa icazə verib və razı olub ki, məktəbinizə onun adı verilsin. İki gündən sonra Aleksandra Fyodorovna qızlara teleqramla cavab yollayır, yeni açılmış məktəbdə əla oxuyub, Vətənə və cəmiyyətə faydalı olmalarını, həyatda xoşbəxt yaşamalarını arzu edir. Bu teleqramla bütün mübahisələrə və müsəlman qız məktəbinin taleyi bir dəfəlik həll edilir.

Məktəbə 58 qız qəbul edilmişdi; onlardan 35 nəfəri kasıb ailələrdən idi, təhsil haqqından azad edilmişdilər; geyim və yemək-içməklərinin xərcini Tağıyev ödəyəcəkdi. (Əvvəldən 20 nəfər kasıb qızın pulsuz götürülməsi nəzərdə tutulmuşdu, bu siyahıya 15 nəfər də əlavə edir). Bu məktəb pansion və qapalı idi;
qızlara həftədə bir dəfə, cümə günləri səhər saat 10-dan 17-yə qədər evlərinə getməyə icazə verilirdi. Məktəbdə dərslər 1901-ci il sentyabrın 7-də başlanmışdı. Sentyabrın 9-da isə bayram edilir. Krımdan, Özbəkistandan, Peterburq və başqa yerlərdən çoxlu təbrik teleqramı gəlir.

Peterburqdan senator Yankovski Tağıyevə yazırdı: «Sizin xərciniz və sizin səyiniz sayəsində açılan məktəbə müvəffəqiyyət arzulayırıq». «Kaspi» qəzeti 1901, oktyabrın 9-da belə yazırdı: «Rus-müsəlman qız məktəbinin açılışı. Məktəb açılışının formal aktı oxundu. Məlum oldu ki, 1898-ci il mayın 16-da məktəbin əsasnaməsi təsdiq edilib, sonra da əlahəzrətin icazəsilə məktəbə imperatriça Aleksandra Fyodorovnanın adı verilib. Bundan sonra cənab Hacı Zeynalabdin binanı tikdirməyə başlayır. Məlumatda görülən işlər, xərclənən vəsait, qarşıya çıxan çətinliklər və xeyirxah əməllər uzun-uzadı sadalanırmış. Qeyd olunmuşdu ki, bütün müsəlman aləmində ilk addım Bakıda millətin fəxri insanpərvər Hacı Zeynalabdin tərəfindən atılmışdır. Tarix boyu bu şərəf və fədakarlıq əbədi yaşayacaqdır.”
Manaf Süleymanov “Hacı Zeynalabdin Tağıyev”.

P.S. Xeyriyyəçi,Vətənpərvər H.Z.Tağıyev hər mənada Örnək bir Şəxsiyyətdir.Amma birdə indiki “xeriyyəsiz”lərə baxın. Bizdəki bu qudurğan zümrə itlərinə,pişiklərinə milyonlar xərcləyə bilir ancaq.

H.Z.Tağıyevin qızı Sara xanımın acından ölməsi xalqımızn utanc səhifəsidir.O vaxt televiziyada bu mötəbər Qadının necədə acınacaqlı,miskin yaşam tərzinə düçar olaraq yaşama məhkum buraxıldığını acı göz yaşlarımla seyr etmişdim… Vahid demişkən ” Şübhəsizdir tüpürər,surəti idbarımıza.Göstərən olsa bu sima ilə nəqqaşə bizi…”

MƏHƏMMƏD İSRAFİLOĞLU.

İlgili Makaleler

Bir Cevap Yazın

Başa dön tuşu
Ukrayna Savaşı Sayılarla
Kapalı

Reklam Engelleyici Algılandı

BU HABERLER YAZILIRKEN NE MİLYARDER SERMAYE SAHİPLERİNDEN, NE DE ÇIKAR ÇEVRELERİNDEN DESTEK ALMIYORUZ… LÜTFEN REKLAM ENGELLEYİCİYİ DEVRE DIŞI BIRAKARAK SİTEMİZDEKİ GERÇEK HABERCİLİĞE DESTEK OLUNUZ... BU REKLAMLARA TIKLAYARAK GAZETECİLERİN BAĞIMSIZ OLMASINA YARDIMCI OLUNUZ... BAŞKA GELİRİMİZ YOK. DESTEĞİNİZ İÇİN, TEŞEKKÜR EDERİZ. PAYPAL: [email protected]