Ukrayna Savaşı Sayılarla
Ukrayna Savaşı Sayılarla
Ukrayna'daki savaşın birinci yılında Rusya'nın kayıpları.
AzeriMəhəmməd İsrafiloğlu

Payız yarpağı…

Yarpaq son dəfə bütün keçib-gedən həyatını yada salıb, saralmış dodaqlarıyla ‘- Əlvida Atam Ağac, əlvida həyat!’ deyə pıçıldayır...

DOSYE: Qasımov Tağı Qasım oğlu.20 fevral 1947 ci ildə Culfa rayonunun Yaycı kəndində doğulub.1965 ci ildə Yaycı kənd orta məktəbini bitirib.Elə həmin il APİ-nin fizika-riyaziyyat fakültəsinıə daxil olub.Ali məktəbi bitirdikdən sonra Yaycı kənd orta məktəbində müəllim kimi fəaliyyətə başlayıb.Sonra APİ-nin Aspiranturasına qəbul olunub.70-ci illərin ortalarında “Maddələrin fotoelektrik xassələri” adlı mövzusunda elmi iş yazaraq dissertasiya müdafiə edib,fizika-riyaziyyat elmləri namizədi adını alıb.Alimlik dərəcəsi aldıqdan sonra onlarca elmi məqalələr yazıb.Ədəbi-fəlsəfi yaradıcılıqla məşğul olmuşdur eyni zamanda,”Dil zəlzələsi” pyesi,”Çavuş” hekayəsi və bir neçə şeirlər yazmışdır.Yaxın dostu, sənətşünaslıq doktoru Cəfər Qiyasinin Tağı Qasımoğlunun bizə bilinməyən daha bir tərəfi haqqında maraqlı qeydi: “Tağı Bəyin çoxlu əlyazmaları içərisində tariximizi əks etdirən yazılar da az deyil. “Dədə Qorqud: Dual Təşkilat və sürətlər arasında münasibət məsələsi’ əsərinin taleyi çox ağır oldu. İki dəfə nəşr olunmaq ərəfəsində maneələr yaranmış, sonda üçüncü dəfə nəşri həyata keçirə bildik. Əminəm ki, bu əsər vətənsevər alimlərimiz tərəfindən layiqli qiymətini alacaq. Əgər bu əsəri xaricdə yaşayan oxuculara çatdıra bilsək, dünya şöhrətli tədqiqat əsərləri siyahısina daxil olacaqdır.”
28 avqust 1990 cı ildə Yaycı kəndində Araz çayında çimmək üçün ayrılmış xüsusui qolunda üzərkən, Sovet-Rus İmperiyasının zabiti tərəfindən xüsusi göstərişlə qətlə yetirilmişdir. İlk şəhid-alimlərimizdəndir Tağı Qasımoğlu.

29 İL ÖNCƏ ŞƏHİD TAĞI QASIMOĞLUNUN QƏLƏMƏ ALDIĞI BİR ŞEİRİ ÜZƏRİNDƏ DÜŞÜNCƏLƏRİM…

“PAYIZ YARPAĞI…”

Tağı Qasımoğlunun aşağıdakı şeiri, bir vaxtlar evlərində arxiviylə tanış olarkən əlimə keçmişdi. 1999-cu ildə “Yeni Müsavat”da haqqında çap etdirdiyim yazını hazırlarkən ailəsinin izniylə Culfa rayonunun Yaycı kəndindəki evlərində arxiviylə tanış olmuşdum. Öz dəsti xəttiylə yazmışdı bir vərəqə. Onun şair tərəfini bilmirdim düzü, ədəbiyyat bilgisinin çox dərin olduğunu bilsəm də. Şəhriyar haqqında çox gözəl bir yazısını oxumuşdum “Ədəbiyyat və incəsənət” qəzetində, çox fərqli və elmi təsbitlərlə dolu bir yazıydı. Həmçinin onun “Dil zəlzələsi” pyesi, “Çavuş” hekayəsiylə tanış olanda sözün yaxşı mənasında əməlli-başlı heyrətlənmişdim bir oxucu olaraq. Amma şeir, ruhumda daha dərin izlər buraxmışdı. Bu şeirin həm də hüznlü bir tarixçəsi vardır. Tağı Bəyin bacısı Həlimə Xanım göz yaşları içində bunu mənə danışmışdı. Həyətlərində böyük bir tut ağacı vardı, Tağı Bəy bu ağacı çox sevərmiş. Bu ağacın altında kimlər oturub çay içməyib ki, 1970-ci illərdə?! Əbülfəz Elçibəy, məşhur memar, milli və istiqlal məfkurəli aydın Cəfər Qiyasi, şaman ruhlu şairimiz Rüstəm Behrudi, Ordubadın Üstüpü kəndindən olan əqidəli insan Şəmil Bəy və başqaları…
Tut ağacı Tağı Bəyin eyni zamanda bütün söhbətlərinin şahidiydi, bəlkə də bu bağın, əlaqənin kökündə dayanan sevgi də elə buymuş. Eyni zamanda Tağı Bəy Türkün ən qədim tarixini, mifologiyasını çox dərindən bilirdi – həm də elə-belə yox, elmi-tarixi, bədii-fəlsəfi təfəkkürlə ən yüksək şəkildə idrak edəcək səviyyələrdə.
AĞAC, İŞIQ, QARANLIQ, AYDINLIĞın qədim Türk mifolojisində, kosmoqonik dünyagörüşündə nə anlama gəldiyi bütün Türkçü alimlərin, araşdırıcılarının bilgisi daxilindədir. Tağı bəyin şeirində də sadaladığım bu elementlərin hamısı vardır. Bacısı Həlimə Xanım Tağı bəyin ən dalğın vaxtlarında belə tut ağacına, onun gövdəsinə, yarpaqlarına sığınıb baş-başa qaldıqları anların müşahidəsini böyük bir kədərlə danışmışdı mənə… Kədərin beləsi olmaz olaydı…
Canım ağac,gözüm ağac!
Köklü ağac,qaba ağac
Tanrımızın bizdən əvvəl
Doqquz budaq yaratdığı
Babamıza baba ağac!
Kölgəsində barındığım-
Barındığım,
Sonra dönüb
Yarpaq-yarpaq arındığım,
Uca ağac.
Dünya kimi qoca ağac!
(Rustem Behrudi.)
Bu şeirin tarixinə, yəni 9 avqust 1990-cı ilə rastlayanda əməlli başlı diksinmişdim. Çünki avqust ayının cırhacırında tut ağacı büsbütün yaşıla bürünür adətən, yaşıl yarpaqlar budaqda ömür kimi bitir, payızadək qopmamaq adına. Bəlkə də hansısa bir payız günündə, xəzan çağında, elə həmin tut ağacının budağından qopub yerə düşənədək, havada rəqs edən saralmış yarpağın yaddaşıyla özü və insan, dünya, qaranlıq, aydınlıq, torpağın yaddaşında olan eyniyyəti şeirə çevirmişdi – isti avqust ayında amma keçmiş payızların diqtəsiylə… Bu diqtə həyatla ölüm arasında gedən ən çılğın və sirrini kimsəyə verməyən mübarizənin, oyunun sözlərə tökülməsidir, ən çılpaq boyalarla, ən dərin fəlsəfi düşüncə tərziylə, ən zərif lirikadan doğan ruh halıyla…
İsti avqust ayında payız düşüncələriylə bu şeirin son:
Yarpaq son dəfə Ölüm ilə oyuna girdi.
Mənim belə oyunlarda fürsətim Yox!
misralarını yazıb nöqtəsini qoyanda vaxtsız əcəlin, “kəmfürsət ölüm”ün, Tağı Bəyin başının üstünü alacağını, ona cəmi 19 gün möhlət verəcəyini haradan biləydi?!..
O məşum tarix 28 avqust 1990-cı il hər şeyə son qoydu. Doğma kəndi Yaycı’da Araz çayında çimərkən rus zabitinin snayperdən atdığı gülləylə amansızcasına qətlə yetirildi Tağı bəy. Onun daşıdığı uca Türklük məfkurəsindən, dönməyən əzmindən, yüksək analitik kapasiteyə sahib beynindən qorxduğu üçün sovet-rus şər imperiyası Tağı Bəyi aradan götürdü.
Onun “Payız yarpağı” şeiri həm də İşıqla bağlıdır. Çox maraqlıdır ki Tağı Qasımoğlu həm də fizika-riyaziyyat elmləri namizədi, pozitiv elmlər üzrə alim idi. Fizka dəqiq elmdir, Tağı Bəy də bütün elmi, ədəbi-fəlsəfi məntiqində son dərəcə dəqiq idi. Hətta onun dissertasiya işi belə işıqla bağlı idi: “Maddələrin fotoelektrik xassələri” adlanırdı. Şeirdə:
Aylı-ulduzlu, işıqlı həyatla qaranlıq dəhşətli ölüm kimi
Barışmaz düşmənləri barışdırıb.
Qorxunc uçurumun üzərindən Asma körpü saldı… misralarını ilk oxuduğumda elə bu gəlmişdi ağlıma…
İnsanoğlu dünyaya gələrkən ilk işığı gözünə, bədəninə, ruhuna qəbul edir. Eyni zamanda kliniki ölüm halı keçirən insanlar üzərində təcrübə aparan tibb alimləri də bədənin ruhdan ayrıldığı zaman hər şeyi işıq kimi xatırladıqlarını dəfələrlə vurğulamışlar.
Demək ki, həyat da, ölüm də bir işıq təkin ruhumuza ələnir. Amma Tağı Bəyin şeirindəki kimi bunun sehri sirrində gizlidir, yarpağın yerə dəyib ölməsi kimi:
Amma, heyhat.
Anası tez əlini onun ağzına tutdu
Və belə sirrlər, oğlum, açılmazdır deyə ah çəkdi…
Yarpaq yerə dəyib öldü…”
İşıqlar içində yatsın…
Bu günədək heç bir yerdə çap olunmayıb bu şeir.Cəmi bircə dəfə 1999-cu ildə Tağı Bəyin doğma Yaycı kəndindəki anıt-məzarı önündə tədbirdə çıxış edərkən bu şeiri oxumuşdum.Və demişdim ki burada olanların içində Tağı Bəyin köksündə necə zərif bir şair ürəyi daşımasından bəlkə də heç kimin xəbəri yoxdur.Gerçəkdən də hamı heyrətlənmişdi bu şeirə,onun sözlərinə və ruhuna,hələ bir də yer Tağı bəyin məzar başı olunca bambaşqa dərin bir kədərə boğmuşdu hamımızı…
Mərhum gözəl şairimiz Əliağa Kürçaylının bir payız günün anlatan şeirindəki sual dolu:

Mən baxıram bayaqdan saralmış yarpaqlara,
Xəzan olub tökülür,qarışır torpaqlara.
Dili ola yarpağın,sən də qulaq verəsən.
Budaqdan ayrılanda o nə deyir görəsən?!

misralarında dərin sualın həm də dərin davamıdır bu şeir məncə…

Təbii ki bəlkə də Ə.Kürçaylının bu misralarından belə xəbəri olmayıb Tağı Bəyin,amma ömrün və ölümün payız diqtəsindən qaça bilməyib demək ki,bu şeiri vərəqə köçürərkən…

Payız Yarpağı…
Ağacdan qopan payız yarpağına qibtə edirəm.
Yarpağın havada son ölüm rəqsi…
Aylı-ulduzlu, işıqlı həyatla qaranlıq
dəhşətli ölüm kimi
Barışmaz düşmənləri barışdırıb
Qorxunc uçurumun üzərindən Asma körpü saldı…
Yarpaq son dəfə bütün keçib-gedən
həyatını yada salıb, saralmış dodaqlarıyla
‘- Əlvida Atam Ağac, əlvida həyat!’ deyə pıçıldayır…
Ölüm ölkəsi olan Anası Torpaq
Yarpağı
bağrına basana qədər,
gözünü göylərdən
və Ağacdan ayırmadan havada rəqs etdi.
Yerə çatan anda
onun işıqlı Dünyası olan Atası
Ağacın qüvvətli köklərinə,
Ölüm Dünyası Anası
torpağı bərk-bərk qucaqladığını görüb
mat qaldı…
‘- Dayan, ölüm!
Bir an dayan!
Yaşıl-yaşıl yarpaqlara sözüm vardır!’ deyə pıçıldadı…
Amma, heyhat.
Anası tez əlini onun ağzına tutdu
və ‘belə sirrlər oğlum açılmazdır!’ deyə ah çəkdi…
Yarpaq yerə dəyib öldü…
Ağacdan qopan payız yarpağına
qibtə edirəm
Yarpaq son dəfə
Ölüm ilə oyuna girdi
Mənim belə oyunlarda fürsətim Yox!..
Şəhid Tağı Qasımoğlu
09 avqust 1990- cı il. (Araz çayında rus zabiti tərəfindən snayperlə qətlə yetirilməsindən 19 gün əvvəl yazdığı şeir).

MÜHÜM QEYD. Yaxın dostu, sənətşünaslıq doktoru Cəfər Qiyasinin Tağı Qasımoğlunun bizə bilinməyən daha bir tərəfi haqqında maraqlı qeydi: “Tağı Bəyin çoxlu əlyazmaları içərisində tariximizi əks etdirən yazılar da az deyil. ‘Dədə Qorqud: Dual Təşkilat və sürətlər arasında münasibət məsələsi’ əsərinin taleyi çox ağır oldu. İki dəfə nəşr olunmaq ərəfəsində maneələr yaranmış, sonda üçüncü dəfə nəşri həyata keçirə bildik. Əminəm ki, bu əsər vətənsevər alimlərimiz tərəfindən layiqli qiymətini alacaq. Əgər bu əsəri xaricdə yaşayan oxuculara çatdıra bilsək, dünya şöhrətli tədqiqat əsərləri siyahısina daxil olacaqdır.”
Cəfər Qiyasi
Sənətşünaslıq doktoru
Qaynaq: “İncəsənət” qəzeti,
11 sentyabr 1991-ci il,
səhifə 4-7

MƏHƏMMƏD İSRAFİLOĞLU

İlgili Makaleler

Bir Cevap Yazın

Başa dön tuşu
Ukrayna Savaşı Sayılarla
Kapalı

Reklam Engelleyici Algılandı

BU HABERLER YAZILIRKEN NE MİLYARDER SERMAYE SAHİPLERİNDEN, NE DE ÇIKAR ÇEVRELERİNDEN DESTEK ALMIYORUZ… LÜTFEN REKLAM ENGELLEYİCİYİ DEVRE DIŞI BIRAKARAK SİTEMİZDEKİ GERÇEK HABERCİLİĞE DESTEK OLUNUZ... BU REKLAMLARA TIKLAYARAK GAZETECİLERİN BAĞIMSIZ OLMASINA YARDIMCI OLUNUZ... BAŞKA GELİRİMİZ YOK. DESTEĞİNİZ İÇİN, TEŞEKKÜR EDERİZ. PAYPAL: [email protected]