Rusiya ilə bir yolumuz ola bilməz

Bir əlimizlə qardaş Türkiyə ilə, bir əlimizlə Qərblə davamlı olaraq çalışmalıyıq. Yolumuz inkişaf olmalıdır.

44 günlük 2-ci Qarabağ müharibəsinin uğurlu nəticələrindən sonra Azərbaycanda həm siyasi sferada, həm adi həyatda yeni mərhələ başlayır.
Unutmaq lazım deyil ki, Azərbaycan bu gün artıq hərbi qəhrəmanlar və mərd kasıblar ölkəsidir. Çünki müharibədə məhz mərd və sadə azərbaycanlılar əsasən öndə oldular.
İndiki mərhələdə bütün sahələrdə ciddi inkişafa başlanılmalıdır. Çünki düşmən güclənib itirdiklərini geri almaq istəyəcək. Düşməni dəf etmək üçün güclü Azərbaycan lazımdır.
Güclü Azərbaycanla heç bir kəs düşmənçilik etmək istəməyəcək. Necə ki, bu gün güclü Almaniya ilə kimsə düşmən olmaq istəmir, hamı dost olmağa çalışır.
Bizim iki əlimiz, iki gözümüz var. Bir əlimizlə qardaş Türkiyə ilə, bir əlimizlə Qərblə davamlı olaraq çalışmalıyıq. Yolumuz inkişaf olmalıdır. Gözlərimiz daim önə baxmalıdır. Hazırda koorrupsiya bataqlığı olan Rusiya ilə bir yolumuz ola bilməz. O, Azərbaycan üçün keçilmiş mərhələdir.
Onu da qeyd edim ki, bu mərhələdə hər kəsdən – sadə vətəndaşdan tutmuş siyasətçisinə, aktivistinə qədər hamıdan çox şey asılıdır. Hamı əlini daşın altına qoymalıdır. Yalnız bu halda şəhidlərin ruhu şad olar. Şəhid yaxınlarının və qazilərin üzü gülər.
Yalçın Qəhrəmanoğlu
Exit mobile version